28 May – Respublika Günü tariximizin ən şanlı və parlaq səhifələrindəndir

photo_429230

27.05.2021-ci il tarixdə “Ankara məktəbi” məktəb-liseyin VI sinif şagirdləri ilə 28May  Azərbaycan Respublika gününün qeyd olunması ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə şagirdlərlə birlikdə 28 may 1918-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin elan olunduğu və Milli Şura tərəfindən “İstiqlal Bəyannaməsi”nin qəbul edildiyi, Bəyannamədə Azərbaycanın tamhüquqlu və müstəqil dövlət olmasının, ali hakimiyyətin Azərbaycan xalqına məxsusluğunun, bütün vətəndaşlara heç bir ayrı-seçkilik olmadan vətəndaşlıq və siyasi hüquqların verildiyinin, beynəlxalq birliyin üzvləri ilə, həmsərhəd dövlətlərlə dostluq əlaqəsinin təsbit olunduğu bildirilib. Azərbaycan Xalq Cümhuriyyəti barədə ətraflı məlumat verilərək diqqətə çatdırılıb ki, müsəlman Şərqində və türk dünyasında ilk Parlamentli Respublika olmaqla, insan hüquq və azadlıqlarının bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, nizami milli ordunun, dövlətin vacib strukturlarının qurulması Xalq Cümhuriyyətinin yürütdüyü siyasəti xarakterizə edir. Qeyd olunub ki, Xalq Cümhuriyyəti Azərbaycan üçün çox mürəkkəb bir tarixi şəraitdə fəaliyyətə başladı, 1918-ci ilin martında Bakıda, Şamaxıda, Qubada və digər bölgələrdə azərbaycanlılara qarşı kütləvi soyqırımlar törədildi, ölkəmizdə tam hakimiyyətsizlik və hərc-mərclik hökm sürürdü. Öz təsir dairəsini bütün Azərbaycan ərazisində yaymaq məqsədilə 1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurasının üzvləri və Cümhuriyyət hökuməti Tiflisdən Gəncəyə köçdü, 4 ay ərzində Gəncə ölkənin paytaxtı oldu. 1918-ci il sentyabr ayının 15-də Bakı şəhəri azad olundu, sentyabrın 17-də F.Xoyski hökuməti Gəncədən Bakıya keçdi və Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan olundu.

Şagirdlərə məlumat verilib ki ,26 iyun 1918-ci ildə Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı, həmçinin həmin dövrdə müstəqil respublikanın Parlamenti, ədliyyə, məhkəmə, polis və prokurorluq orqanları yaradılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti bir çox xarici dövlətlər tərəfindən tanınmış və onlarla diplomatik münasibətlər yaratmışdı. Lakin 1920-ci il aprelin 27-28-də Azərbaycanın ərazisi işğal edildi və qazandığımız müstəqilliyə son qoyuldu. Bütövlükdə cəmi 23 ay yaşamış, hələ güclü ordusu tam formalaşmamış, habelə dövlət büdcəsi tam təsdiq edilməmiş müstəqil demokratik Azərbaycan dövlətinin əsas fəaliyyət prinsiplərinin, habelə idarəetmə mexanizmlərinin, dövlət qurumlarının özülünü qurmaqla yanaşı, soydaşlarımızın ürəyində müstəqillik arzularının toxumlarını səpdi.

Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan respublikamızda 1918-ci il “İstiqlal bəyannamsi”nin elan olunduğu günü bu gün də Azərbaycanın ən əlamətdar günü kimi qeyd edir , bu günü şagirdlərə aşılayır və onların daha da vətənpərvər ruhda böyümınə öz vətənini sevməsinə  çalışır.

Sonda şagirdlərin tədbirlə bağlı fikir və araşdırmaları dinlənilmişdir.

Blog Attachment